Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır! (Ənkəbut surəsi, 51)

Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik. De: “Rəbbim həm aşkar, həm də gizli  yaramaz əməlləri,  günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.  (Əraf surəsi, 32-33)

Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. (Ənam surəsi, 139)

Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 140)

De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus surəsi, 59)

Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır. (Ənam surəsi, 119)

Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun! (Maidə surəsi, 96)

Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” Bəli, onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi? (Nəhl surəsi, 35)

Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.  De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 144-145)

  Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”. (Yunus surəsi, 15)

O  kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir. (Rum surəsi, 32)

Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)

Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik” – dedilər. (Qasas surəsi, 36)

Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. (Muminun surəsi, 66)

Həm də onunla (ayələrimiz ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. (Muminun surəsi, 67)

Məgər kafirlər bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)

Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda deyin görək oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür. (Fussilət surəsi, 40)

Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. (Muminun surəsi, 53)

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək. (Furqan surəsi, 30)

Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.   Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır. (Ənam surəsi, 137-138)

Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.  De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.  De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar.  De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.  Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz. (Ənam surəsi , 148-153)

Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)

Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)

Biz daha xeyirlisini və ya bənzərini gətiməyənə qədərheç bir ayəni nəhs etmərik  (hökmünü qaldırmarıq) və ya unutdurmarıq. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106)

Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.  Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.  Çünki o, fikirləşərək qərara gəldi.  Ona ölüm olsun! Necə qərara gəldi?  Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?  Sonra o nəzər saldı.  Üz-gözünü turşudub qaşqabağını tökdü.  Sonra da arxasını çevirib təkəbbür göstərdi (Muddəssir surəsi, 16-23)

Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! (Bəqərə surəsi, 23)

Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir. (Fatir surəsi, 31

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 115)

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər. (Bəqərə surəsi, 101)

Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar. (Bəqərə surəsi, 120)

Siz onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)

 

 

ANA SƏHİFƏ

Müəllif haqqında -Digər saytlar - Email - Üzv ol
Bu saytda yayımlanan bütün materialları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən
istifadə edə bilərsiz. www.quranyeterlidir.com

QURAN - BİZƏ DƏSTƏK OLUN - HƏDİS BÖLMƏSİ

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİNDƏN İSTİFADƏ EDİLƏRƏK HAZIRLANMIŞDIR.
www.adnanoktar.az